
Qahirə, 2 iyul, AZƏRTAC
Suriyada keçid dövrü üçün yaradılan Xalq Şurasının (parlament) tərkibi Prezident Əhməd Əl Şaraanın kvotası üzrə üzvlərin elan edilməsi ilə tam formalaşdırılıb. Yeni parlamentin ilk iclasının iyulun 7-də keçirilməsi planlaşdırılır.
AZƏRTAC Suriya mediasına istinadla xəbər verir ki, müşahidəçilər bunu keçid dövrünün növbəti mühüm sınağı kimi qiymətləndirirlər.
Xalq Şurasına seçkilər üzrə Ali Komitənin sədri Məhəmməd Taha əl-Əhməd bildirib ki, parlamentin səlahiyyət müddəti iki il yarım (30 ay) təşkil edir və zərurət yarandığı halda uzadıla bilər.
Prezident kvotası üzrə parlamentə təyin olunan 70 deputatla Xalq Şurasının 210 nəfərlik tərkibi tamamlanıb. Bu təyinatlar dolayı seçkilərin nəticələrinə əsasən boş qalmış yerləri aradan qaldırmağa yönəlib.
Yeni təyinatlardan sonra parlamentdə qadınların sayı 6 nəfərdən 21 nəfərə yüksəlib. Prezident kvotası üzrə təyin olunan siyahıya 15 qadın daxil edilib. Bundan başqa, siyahıda dolayı seçkilərdə təmsil olunmayan ənənəvi siyasi qüvvələrin nümayəndələri, bəzi qəbilə icmalarının təmsilçiləri, eləcə də əlilliyi olan 5 nəfər də yer alıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə