
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra, yəni 1991-ci ildən etibarən ölkə tarixində baş verən ən mühüm ikinci hadisə torpaqlarımızın işğaldan azad olunmasıdır. 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad olundu və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarında suverenliyimiz tam bərpa edildi.
Bu hadisələr Azərbaycanın müstəqilliyini, suverenliyini, eləcə də dünyada beynəlxalq rolunu mühüm dərəcədə gücləndirdi.
Qarabağın və Şərqi Zəngəzurun bərpası isə prinsipial əhəmiyyət daşıyır. Biz dünyaya nümayiş etdirdik ki, erməni işğalçıları bu ərazilərdə hansı vəhşilikləri və vandallıqları törədiblər. Daha sonra isə bu torpaqların əsl sahibləri kimi onların bərpasına başladıq. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması dünya üçün bir nümunəyə çevrildi. Bu, onu göstərdi ki, torpağın sahibi geri qayıdıb, öz yurdunu bərpa edir, inkişaf etdirir və çiçəkləndirir. Bərpa quruculuq işlərinə böyük həcmdə investisiyalar yatırılıb. Son beş il ərzində Qarabağa 17 milyard manata yaxın investisiya qoyulub. Artıq bu proses altı ilə yaxın bir dövrü əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi-alim Rizvan Hüseynov deyib.
O, Qarabağa Böyük Qayıdış Proqramının da mərhələli şəkildə həyata keçirildiyini vurğulayaraq qeyd edib: “Ərazilər minalardan təmizləndikcə, infrastruktur yaradıldıqca, yaşayış və iş imkanları təmin olunduqca, insanlar tədricən öz ata yurdlarına, doğma torpaqlarına qayıdırlar. Müasir dünya tarixində çox nadir hallarda rast gəlinir ki, hansısa dövlət öz ərazilərini hərbi yolla azad etsin və dərhal genişmiqyaslı bərpa-quruculuq işlərinə başlasın. Bu baxımdan Azərbaycanın təcrübəsi həm digər ölkələr tərəfindən öyrənilir, həm də xarici ekspertlərin diqqət mərkəzindədir. Qarabağın və Şərqi Zəngəzurun bərpası böyük maraq doğurur və Azərbaycanın müasir dövrdə formalaşan beynəlxalq imicinin əsas sütunlarından birinə çevrilib.
Eyni zamanda, ölkənin yeni strateji nəqliyyat və tranzit marşrutlarının əhəmiyyətli hissəsi də bu ərazilərdən keçəcək. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Qarabağ və Şərqi Zəngəzur üzərindən Naxçıvana, oradan isə Trabzona və Qara dəniz sahillərinə çıxış təmin olunacaq. Bu mühüm marşrutun bir istiqaməti Avropaya, digər istiqaməti isə Azərbaycan və Xəzər dənizi vasitəsilə Türk dünyasına, Mərkəzi Asiya ölkələrinə, Çinə qədər uzanacaq. Minlərlə kilometri əhatə edən bu beynəlxalq nəqliyyat dəhlizinin ən strateji hissələrindən biri məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisindən, əsasən də İranla həmsərhəd cənub bölgələrindən keçir. Bu baxımdan Qarabağ təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və Avrasiya məkanı üçün mühüm strateji əhəmiyyət daşıyır. Burada həyata keçirilən bərpa-quruculuq işləri, yatırılan investisiyalar və reallaşdırılan layihələr yalnız Azərbaycanda deyil, beynəlxalq mediada da xüsusi diqqətlə izlənilir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın son illərdə həyata keçirdiyi ən uğurlu layihələrdən biri məhz Qarabağın bərpası və yenidən çiçəkləndirilməsidir”.
Müxbir – Günel Türksoy