اخبار

Şahin Bayramov: Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasının elm və təhsil ocaqları ilə əməkdaşlıqdır

الكاتبabdulrahman-mustafaتاريخ النشر
Şahin Bayramov: Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasının elm və təhsil ocaqları ilə əməkdaşlıqdır

Şahin Bayramov: Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasının elm və təhsil ocaqları ilə əməkdaşlıqdır

Xankəndi, 2 iyul, AZƏRTAC

Qarabağ Universiteti ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə inkişaf edir. Universitetin qarşısında duran əsas hədəflərdən biri Türk dünyasını təmsil edən elmi və təhsil ocaqları ilə əməkdaşlığının inkişafına töhfə verməkdir. Bu gün burada keçirilən beynəlxalq tədbirlər həm universitetimiz, həm də iştirakçılar üçün yeni imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Xankəndidə keçirilən “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Türk dünyası ilə bağlı birgə layihələrin həyata keçirilməsi, ortaq tariximizin, dillərimizin, mədəni və mənəvi dəyərlərimizin araşdırılması Qarabağ Universitetinin fəaliyyətinin mühüm istiqamətlərindən biri olacaq.

“İnanıram ki, Azərbaycan öz gücünü dünyaya əvvəlcə döyüş meydanında göstərdiyi kimi, bundan sonra Qarabağ vasitəsilə elm və təhsil sahəsində də nümayiş etdirəcək”, – deyə o qeyd edib.

Müxbir – Gülay Nəzərova